1. |
Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şə'ninə tə'riflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
|
2. |
Kitab əhlindən kafir olanları (Mədinə ətrafında yaşayıb Muhəmməd əleyhissəlamın peyğəmbərliyini inkar edən Bəni Nəzir qəbiləsini) ilk dəfə (bir yerə) toplayıb öz yurdundan çıxardan (Şama sürgün edən) Odur. (Ey mö'minlər!) Siz onların (öz yurdundan) çıxacaqlarını güman etmirdiniz. Onlar isə öz qalalarının onları Allahdan (Allahın əzabından) qoruyacağını zənn edirdilər. Amma Allah (Allahın əzabı) onlara gözləmədikləri yerdən gəlib ürəklərinə qorxu saldı. Belə ki, onlar evlərini həm öz əlləri, həm də mö'minlərin əlləri ilə uçurdub dağıdırdılar. Ey bəsirət sahibləri! (Bəni Nəzir qəbiləsinin başına gələnlərdən) ibrət alın!
|
3. |
Əgər Allah onlara (yurdlarından çıxardılıb) sürgün olunmağı hökm etməsəydi, onları dünyada mütləq (başqa bir) əzaba düçar edərdi. Axirətdə isə onları cəhənnəm əzabı gözləyir!
|
4. |
Bu onların Allaha və Onun Peyğəmbərinə asi olmalarına görədir. Kim Allaha asi olsa (bilsin ki), Allahın cəzası çox şiddətlidir!
|
5. |
(Ey mö'minlər! Sizin kafirlərə məxsus olan) hər hansı bir xurma ağacını kəsməyiniz, yaxud (toxunmayıb) onu kökü üstündə salamat qoymağınız Allahın iznilədir. Və bu (Allahın öz Rəbbinə asi olan) fasiqləri rüsvay etməsi üçündür.
|
6. |
(Ey mö'minlər!) Allahın onların (Bəni Nəzər qəbiləsinin) mallarından Öz Peyğəmbərinə verdiyi qənimət üçün siz onların üstünə nə at, nə də dəvə sürdünüz. Lakin Allah Öz peyğəmbərini istədiyi kimsələr üzərində hakim edər. Allah hər şeyə qadirdir!
|
7. |
Allah Öz Peyğəmbərinə (fəth olunmuş) məmləkətlərin əhalisindən (dinc yolla) verdiyi qənimət Allaha, Peyğəmbərə, (Muhəmməd əleyhissəlama yaxın olan) qohum-əqrabaya, yetimlərə, yoxsullara və (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara) məxsusdur. Bu ona görədir ki, (həmin mal-dövlət) içərinizdəki zənginlər arasında əldən-ələ dolaşan bir sərvət olmasın (ondan yoxsullar da faydalansın). Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir.
|
8. |
(Bu qənimət) yurdlarından qovulub çıxardılmış, Allahdan mərhəmət və riza diləyən, Allaha və Onun Peyğəmbərinə kömək edən yoxsul mühacirlərə məxsusdur. Onlar (imanlarında, sözlərində və işlərində) doğru olan kimsələrdir!
|
9. |
Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Muhəmməd əleyhissəlama qəlbən) iman gətirirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr - məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!
|
10. |
Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: "Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!"
|
11. |
(Ya Peyğəmbər) Məgər kitab əhlindən kafir olan qardaşlarına: "Əgər (siz öz yurdunuzdan) çıxarılsanız, biz də sizinlə birlikdə mütləq (yurdumuzdan) çıxacaq, sizin əleyhinizə heç vaxt heç kəsə qoşulub tabe olmayacağıq. Əgər (mö'minlər) sizinlə vuruşsalar, şübhəsiz ki, sizə yardım edəcəyik!" - deyən münafiqləri görmədinmi? Allah onların xalis yalançı olduğuna şahiddir!
|
12. |
And olsun ki, əgər onlar (Bəni Nəzər qəbiləsi) yurdlarından çıxarılsalar, (münafiqlər) onlarla birlikdə (öz yurdlarından) çıxmazlar. Əgər (mö'minlər) onlarla vuruşsalar, (münafiqlər) onlara (yəhudilərə) kömək etməzlər. Yox, əgər (münafiqlər) onlara yardım etmiş olsalar, (özləri məğlubiyyətə uğrayaraq) arxa çevirib qaçar, sonra da onlara (Bəni Nəzir qəbiləsinə) heç bir kömək olunmaz!
|
13. |
(Ey mö'minlər!) Onların (münafiqlərlə yəhudilərin) ürəklərinə qorxu salan Allahdan çox sizsiniz. Bu isə onların (Allahın əzəmət və heybətini) anlamaz bir qövm olduqlarına görədir.
|
14. |
Onlar (münafiqlərlə yəhudilər) hamılıqla sizə qarşı ancaq möhkəm şəhərlərdə (kəndlərdə), yaxud divar arxasında (qala içərisində) olarkən döyüşərlər (başqa şəraitdə sizinlə vuruşmağa cür'ət etməzlər). Onların öz aralarındakı vuruşmaları (və düşmənçilikləri) isə çox güclüdür. (Ya Peyğəmbər!) Sən onların əlbir olduqlarını güman edirsən, lakin onların qəlbləri dağınıqdır. Bunun səbəbi onların ağılsız bir qövm olmalarıdır.
|
15. |
Onlar özlərindən bir az əvvəl əməllərinin cəzasını (dünyada) dadmış kimsələrə (Bədrdə məğlub olmuş Məkkə müşriklərinə) bənzəyirlər. Onları (axirətdə) şiddətli bir əzab gözləyir.
|
16. |
(Münafiqlər Bəni Nəzir yəhudilərini aldatması) Şeytana (Şeytanın insanı aldatmasına) bənzəyir. O, insana: "Kafir ol !" - deyər. (İnsan) kafir olan kimi (Şeytan onu qoyub qaçaraq): "Mənim səninlə heç bir əlaqəm yoxdur. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!" - deyər.
|
17. |
Onların hər ikisinin (Şeytanla onun aldatdığı adamın, eləcə də münafiqlərlə Bəni Nəzir qəbiləsinin) aqibəti cəhənnəm odu içində həmişəlik qalmaqdır. Zalımların (kafirlərin) cəzası budur!
|
18. |
Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır!
|
19. |
Allahı unutduları üçün Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin! Onlar (Allahın itaətindən çıxmış) fasiqlərdir!
|
20. |
Cəhənnəm əhli ilə cənnət əhli eyni ola bilməz. Cənnət əhli nicat tapıb (əbədi) səadətə qovuşanlardır!
|
21. |
(Ya Peyğəmbər!) Əgər Biz bu Qur'anı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan (kiçildiyini) parça-parça olduğunu görərdin (halbuki ağıl və ruh sahibi olan insan onun öyüd-nəsihətlərindən ibrət almır). Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr.
|
22. |
O Özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O rəhmlidir, mərhəmətlidir! (Allah dünyada bütün bəndələrinə rəhm edən Rəhman, axirətdə isə yalnız mö'minləri bağışlayan Rəhimdir!)
|
23. |
O Özündən başqa heç bir tanrı (mə'bud) olmayan, (bütün məxluqatın) ixtiyar sahibi, müqəddəs (pak) olan, (bəndələrinə) salamatlıq, əmin-amanlıq bəxş edən, (hər şeydən) göz-qulaq olub (onu) qoruyan, yenilməz qüdrət (qüvvət) sahibi, (hamını istədiyi hər hansı bir şeyə) məcbur etməyə qadir olan, (hər şeydən) böyük (hər şeyin fövqündə) olan Allahdır. Allah (müşriklərin) Ona qoşduqlarından (şəriklərdən) ucadır.
|
24. |
O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şə'ninə tə'riflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
|