1. |
Haqq olan qiyamət!
|
2. |
Nədir qiyamət?!
|
3. |
Nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! (Qiyamətin nə olduğunu sənə nə öyrətdi?)
|
4. |
Səmud da, Ad da (ürəkləri dəhşətə salan) o qiyaməti yalan saymışdılar!
|
5. |
Səmud (qövmü) hədsiz dərəcədə dəhşətli (tükürpədici) səslə həlak edildi.
|
6. |
Ad (qövmü) isə uğultulu, çox (soyuq və) siddətli bir küləklə tar-mar oldu.
|
7. |
Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər.
|
8. |
İndi sən onlardan heç bir əsər-əlamət görə bilərsənmi?!
|
9. |
Fir'on da, ondan əvvəlkilər də, alt-üst olmuş Mö'təfikə əhli (Lut qövmü) də günah (xəta) törətmişdilər.
|
10. |
Onlar Rəbbinin peyğəmbərinə asi olmuş, O da onları şiddəti getdikcə artan bir əzabla yaxalamışdı.
|
11. |
Həqiqətən, hər tərəfi su basdığı zaman (Nuhun tufanı qopduqda) sizi gəmiyə Biz daşıdıq.
|
12. |
Ona görə ki, bunu (mö'minlərə nicat verib kafirləri məhv etməyimizi) sizə bir ibrət dərsi edək və dərk edən (öyüd-nəsihəti cani-dildən dinləyən) qulaq bunu eşidib yadda saxlasın!
|
13. |
Sur bircə dəfə üfürüləcəyi;
|
14. |
Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı (əzilib toza dönəcəyi) zaman -
|
15. |
Məhz o gün (vaqe olacağına heç bir şübhə olmayan) qiyamət qopacaqdır!
|
16. |
Və (göy) süst düşüb parçalanacaqdır!
|
17. |
Mələklər də onun (göyün) ətrafında (Allahın əmrinə müntəzir) olacaq və həmin gün (ya Peyğəmbər!) sənin Rəbbinin ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır!
|
18. |
O gün (ey insanlar!) siz (haqq-hesab üçün Rəbbinizin hüzuruna) gətiriləcəksiniz. Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır!
|
19. |
Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: "Alın, əməl dəftərimi oxuyun!
|
20. |
Mən (dünyada ikən qiyamət günü) öz hesabıma yetişəcəyimə (möhkəm) inanmışdım!"
|
21. |
Bundan belə o, xoş güzəran içində,
|
22. |
Yüksək bir Cənətdə olacaqdır.
|
23. |
(Elə bir Cənnət ki, onun) meyvələri çox yaxındadır (mö'minlər onlardan ayaq üstə olanda da, oturanda da, uzananda da yeyə biləcəklər).
|
24. |
(Onlara belə deyiləcəkdir: ) "Keçmiş günlərdə etdiyiniz (yaxşı) əməllər müqabilində yeyin-için!"
|
25. |
Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: "Kaş əməl dəftərim mənə verilməyəydi!
|
26. |
Hesabımın nə olduğunu bilməyəydim!
|
27. |
Kaş o (ölüm) qəti (əbədi) olaydı! (Bir daha dirilib bu əzabı görməyəydim!)
|
28. |
Mal-dövlətim mənə heç bir fayda vermədi (Allahın əzabını məndən dəf edə bilmədi).
|
29. |
Mülküm (səltənətim) də məhv olub getdi!"
|
30. |
(Allah dərgahından belə bir nida gələcəkdir: ) "Onu tutub qandallayın!
|
31. |
Sonra da Cəhənnəmə atın!
|
32. |
Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın!
|
33. |
Çünki o, böyük olan Allaha inanmırdı.
|
34. |
O (özü zəkat vermir, acizə, kimsəsizə kömək etmit, xalqda da) yoxsulu yedirtməyə rəğbət oyatmırdı.
|
35. |
Bu gün bax burda onun yaxın bir dostu yoxdur.
|
36. |
İrindən başqa bir yeməyi də yoxdur.
|
37. |
Onu ancaq günahkarlar yeyər!"
|
38. |
And içirəm gördüklərinizə,
|
39. |
Və görmədiklərinizə ki,
|
40. |
Bu (Qur'an) çox möhtərəm bir elçinin (Cəbrailin, yaxud Muhəmməd əleyhissəlamın Allahın ona nazil etdiyi) sözüdür!
|
41. |
O, şair sözü deyildir! Nə az inanırsınız!
|
42. |
O, kahin sözü də deyildir! Nə az düşünürsünüz!
|
43. |
O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
|
44. |
Əgər o (Peyğəmbər) özündən bə'zi sözlər uydurub Bizə isnad etsəydi,
|
45. |
Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)!
|
46. |
Sonra onun şah damarını qopardardıq!
|
47. |
Və heç biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz.
|
48. |
Şübhəsiz ki, bu (Qur'an) müttəqilərə bir öyüd-nəsihətdir.
|
49. |
(Ey insanlar!) İçərinizdə onu yalan hesab edənlər olduğunu da, əlbəttə, bilirik.
|
50. |
Şübhəsiz ki, bu (Qur'an) kafirlər üçün bir peşmançılıqdır (ona inanmadıqlarına görə qiyamət günü böyük zərər çəkəcəklər).
|
51. |
Doğrudan da, bu (Qur'an) gerçək bir həqiqətdir.
|
52. |
Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs tutub həmd-səna ilə zikr) et!
|