1. |
Günəş (əmmamə kimi) sarınıb büküləcəyi (sönəcəyi) zaman;
|
2. |
Ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman;
|
3. |
Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman;
|
4. |
(Bədəvi ərəblərin çox əziz tutduğu) boğaz dəvələr başlı-başına buraxılacağı zaman;
|
5. |
Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman;
|
6. |
Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman;
|
7. |
Ruhlar (bədənlərə) qovuşacağı zaman;
|
8. |
Diri-diri torpağa gömülən körpə qızdan:
|
9. |
"Axı o hansı günaha görə öldürüldü?"; soruşulacağı zaman;
|
10. |
Əməl dəftərləri açılacağı zaman;
|
11. |
Göy (yerindən) qopardılacağı (və ya büküləcəyi) zaman;
|
12. |
Cəhənnəm alovlandırılacağı zaman;
|
13. |
Və Cənnət (mö'minlərə) yaxınlaşdırılacağı zaman;
|
14. |
Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir!
|
15. |
And içirəm (gecə) yanıb (gündüz) sönən ulduzlara;
|
16. |
(Günəşlə, ayla) seyr edib (onlar batdığı zaman) gizlənən səyyarələrə (Zühələ, Müştəriyə, Mərrixə, Zöhrəyə və Ütaridə);
|
17. |
Qaralmaqda olan gecəyə (yaxud: qaralmaqda və çəkilməkdə olan gecəyə)
|
18. |
Və sökülməkdə olan dan yerinə ki,
|
19. |
Bu (Qur'an Allah dərgahında) çox möhtərəm olan bir elçinin (Cəbrailin) gətirdiyi kəlamdır.
|
20. |
(Elə bir elçi ki) çox qüvvətlidir; ərşin sahibi (Allah) yanında çox hörmətlidir (izzətlidir).
|
21. |
(Elə bir elçi ki, mələklər arasında) itaət ediləndir, həm də (Allah yanında vəhyə) e'tibarlı müvəkkildir.
|
22. |
(Ey Məkkə əhli!) Həqiqətən, sizin dostunuz (müşriklərin dediyi kimi) divanə deyildir!
|
23. |
And olsun ki, (Peyğəmbər!) onu (Cəbraili) açıq (ən uca) üfüqdə gördü.
|
24. |
O, qeyb (vəhyi olduğu kimi təbliğ etmək və sizə öyrətmək) barəsində xəsis deyildir.
|
25. |
O (Qur'an) da məl'un (Allahın rəhmətindən qovulmuş) Şeytanın sözü deyildir.
|
26. |
Elə isə (siz ondan üz döndərib) hara gedirsiniz?
|
27. |
O, aləmlər (bütün insanlar və cinlər) üçün ancaq bir öyüd-nəsihətdir.
|
28. |
Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün.
|
29. |
(Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz! (Yalnız Allah istəsə, istəyə bilərsiniz. Siz insanlar həmişə Allahın qüdrəti, hökmü və iradəsi altındasınız. O sizi bir şeyi istəməyincə siz onu özünüzə istəyə bilməzsiniz. Ona görə də hər işdə Allaha təvəkkül edin!)
|