1. |
(Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi.
|
2. |
Yanına korun (Abdullah ibn Ümmi-Məktumun) gəlməsindən dolayı.
|
3. |
Nə bilirsən, bəlkə də, o (səndən islama dair soruşub öyrənəcəkləri ilə) təmizlənəcəkdir!
|
4. |
Yaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir!
|
5. |
(Var dövlətinə güvənib sənin öyüd-nəsihətinə qulaq asmağa) ehtiyac hiss etməyənə (dövlətliyə) gəldikdə,
|
6. |
Sən üzünü ona tərəf çevirirsən (onun sözünə qulaq asırsan).
|
7. |
Onun (küfrdən) təmizlənməsindən sənə nə?!
|
8. |
Yüyürə-yüyürə sənin yanına gələn
|
9. |
Və (Allahdan) qorxan kimsəyə gəldikdə isə,
|
10. |
Sən ondan üz çevirirsən!
|
11. |
Xeyr! (Belə yaramaz, bir daha belə etmə). Həqiqətən, bu (ayələr) bir öyüd-nəsihətdir.
|
12. |
Kim istəsə, ondan öyüd alar.
|
13. |
(Bu Qur'an Allah dərgahında) çox möhtərəm (mö'təbər) səhifələrdə -
|
14. |
(Qədir-qiyməti) yüksək (şanı uca), tərtəmiz səhifələrdədir (Şeytan onlara toxuna bilməz).
|
15. |
(O, Allahla peyğəmbərlər arasında olan) elçi mələklərin əlləri ilə (lövhi-məhfuzdan köçürülür, yaxud o, elçi mələklərə e'tibar edilmişdir).
|
16. |
(O mələklər ki, Allahın yanında) çox möhtərəm, (Allaha) çox müt'idirlər.
|
17. |
Ölsün (kafir) insan! O nə nankordur!
|
18. |
(Bu təkəbbür onda hardandır? Allah) onu hansı şeydən yaratdı?
|
19. |
(Allah onu bir qətrə dəyərsiz) nütfədən yaratdı, ona biçim verdi.
|
20. |
Sonra onun üçün (ana bətnindən çıxış) yolunu asanlaşdırdı.
|
21. |
Sonra onu öldürüb qəbrə qoydu.
|
22. |
Sonra da istədiyi vaxt onu dirildəcəkdir.
|
23. |
Xeyr, (insan Allahın) ona buyurduğunu hələ yerinə yetirməmişdir.
|
24. |
İnsan hələ bir yeməyinə baxsın! (Görsün ki, ona necə ruzi verdik).
|
25. |
Həqiqətən, Biz yağışı bol yağdırdıq.
|
26. |
Sonra yeri gözəl yaratdıq (yaxşı yardıq),
|
27. |
Belə ki, orada dən (dənli bitkilər) göyərtdik;
|
28. |
Üzüm və yonca;
|
29. |
Zeytun və xurma (bağları);
|
30. |
(Ağacları bir-birinə) sarmaşan bağçalar;
|
31. |
(Növbənöv) meyvələr və ot (ələf) yetişdirdik.
|
32. |
(Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür!
|
33. |
Nəhayət, qulaqları kar edən (o dəhşətli səs) gələndə (İsrafil surunu çalanda);
|
34. |
O gün insan qaçacaq öz qardaşından;
|
35. |
Anasından, atasından;
|
36. |
Zövcəsindən və oğullarından!
|
37. |
O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaqdır).
|
38. |
O gün bir çox üzlər parlayacaq,
|
39. |
Güləcək, sevinəcəkdir.
|
40. |
O gün bir çox üzlərə isə toz-torpaq qonacaq,
|
41. |
Onları zülmət (yaxud his) bürüyəcəkdir.
|
42. |
Onlar (pis əməllərə uyan) kafirlər, pozğunlardır!
|