1. |
(Ya Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şə'ninə təriflər de!
|
2. |
O Rəbbin ki, (hər şeyi) xəlq etdi və nizama saldı.
|
3. |
O Rəbbin ki, (hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən müəyyən etdi və (hamıya) yol göstərdi.
|
4. |
O Rəbbin ki, (torpağı yarıb ondan yamyaşıl) otlar çıxartdı.
|
5. |
Sonra da onu (qupquru) qara çör-çöpə döndərdi.
|
6. |
(Ya Peyğəmbər!) Biz sənə (Qur'anı) oxudacağıq və sən (onu) unutmayacaqsan;
|
7. |
Yalnız Allahın dilədiyindən (hökmünü ləğv etdiyimiz bu və ya digər ayədən) başqa! Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir!
|
8. |
Biz sənə ən asan olanı (islam şəriətini) müyəssər edərik.
|
9. |
(Ya Peyğəmbər!) Əgər nəsihət etmək fayda versə, (ümmətinə Qur'anla) öyüd-nəsihət ver!
|
10. |
(Allahdan) qorxan kimsə mütləq öyüd-nəsihət qəbul edəcəkdir!
|
11. |
Bədbəxt (kafir) isə ondan (öyüd-nəsihətdən) qaçacaqdır.
|
12. |
(O bədbəxt ki) ən böyük oda (cəhənnəm oduna) girəcəkdir.
|
13. |
Orada nə öləcək, nə də yaşayacaqdır! (Nə ölü kimi ölü, nə də diri kimi diri olacaqdır!)
|
14. |
(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır.
|
15. |
O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!
|
16. |
Lakin siz (ey insanlar!) dünyanı üstün tutursunuz!
|
17. |
Halbuki axirət daha xeyirli və daha baqidir.
|
18. |
Həqiqətən, bu deyilənlər (Qur'andan) əvvəlki kitablarda mövcuddur -
|
19. |
İbrahimin və Musanın kitablarında!
|