1. |
(Ya Peyğəmbər! Dəhşəti aləmi) bürüyəcək qiyamətin xəbəri sənə gəlib çatdımı?
|
2. |
(O gün) bir çox üzlər zəlil görkəm alacaq;
|
3. |
(Onlar Cəhənnəmin pillələrinə çıxıb-düşməklə boş yerə) zəhmət çəkib yorulacaq;
|
4. |
Yanar oda girəcəkdir;
|
5. |
Və onlara qaynar bulaqdan (su) içirdiləcəkdir.
|
6. |
Onların yeməyi (zəhərdən və acı) zəri'dən başqa bir şey olmayacaqdır.
|
7. |
(O yemək onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar.
|
8. |
(O gün) bir çox üzlər sevinəcək;
|
9. |
(Dünyadakı) zəhmətindən razı qalacaq;
|
10. |
(Dərəcəsi, qədir-qiyməti) yüksək Cənətdə olacaq,
|
11. |
Və orada heç bir boş söz (lağlağı) eşitməyəcəkdir.
|
12. |
Orada axar bulaq;
|
13. |
Orada uca taxtlar;
|
14. |
(Çeşmələr kənarında) piyalələr;
|
15. |
Bir-birinin yanına düzülmüş (yumşaq) balışlar
|
16. |
Və döşənmiş (nəfis) xalılar vardır!
|
17. |
Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?
|
18. |
Göyə (baxmırlar ki) necə ucaldılmışdır?
|
19. |
Dağlara (baxmırlar ki) necə dikəldilmişdir?
|
20. |
Və yerə (baxmırlar ki) necə döşədilmişdir?
|
21. |
(Ya Peyğəmbər! Mənim bəndələrimə) öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən!
|
22. |
Sən onların üzərində hakim deyilsən!
|
23. |
Lakin kim (imandan) üz döndərib (Qur'anı) inkar etsə
|
24. |
Allah onu ən böyük əzaba (axirət əzabına) düçar edər!
|
25. |
Şübhəsiz ki, onların axır dönüşü Bizədir!
|
26. |
Onlarla haqq-hesab çəkmək də Bizə aiddir!
|