1. |
O saat (qiyamət) yaxınlaşdı və ay (Peyğəmbərin mö'cüzəsi ilə) parçalandı.
|
2. |
Əgər müşriklər (Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin həqiqiliyini təsdiq edən) bir mö'cüzə görsələr, (imandan) üz döndərib: "(Bu, uzun müddət) davam edən bir sehrdir!" - deyərlər.
|
3. |
Onlar (ayın parçalanmasını, digər mö'cüzələri və Peyğəmbər əleyhissəlamı) təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır! (Əzəldən müəyyən edilmiş hər bir iş, o cümlədən islam dini və Muhəmməd əleyhissəlamın peyğəmbərliyi bərqərar olacaqdır!)
|
4. |
And olsun ki, onlara (pis əməllərdən) çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.
|
5. |
(Bu Qur'an) olduqca böyük hikmətdir. Lakin (inanmayanlara, qəlbləri möhürlənənlərə oradakı) qorxutmalar (öyüd-nəsihət) heç bir fayda verməz!
|
6. |
Artıq (ya Peyğəmbər!) sən onlardan üz çevir. Carçının (İsrafilin) onları olduqca pis (dəhşətli) bir şeyə (məhşərə) çağıracağı günədək!
|
7. |
Onlar (o gün) gözlərini zəlilanə aşağı tikib (ətrafa) səpələnmiş çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.
|
8. |
Kafirlər (boyunlarını qabağa uzadıb) carçıya tərəf tələsərək: "Bu nə çətin bir gündür!" - deyəcəklər.
|
9. |
Bunlardan (Məkkə müşriklərindən) əvvəl Nuh qövmü (öz peyğəmbərini) təkzib etmiş və bəndəmizi (Nuhu) yalançı sayıb: "(Bu) divanədir!" - demişdilər. Ona (risaləti təbliğ etmək) qadağan edilmişdi.
|
10. |
(Nuh) Rəbbinə dua edib: "Mən (öz qövmümüm içində) məğlub oldum, buna görə də (onlardan) intiqam al!" - dedi.
|
11. |
Biz (onun duasını qəbul edərək) göyün qapılarını sel kimi axan bir yağışla açdıq.
|
12. |
Yeri yarıb (oradan) bulaqlar qaynatdıq. Nəhayət, (göydən axan və yerdən qaynayan) sular (lövhi-məhfuzda) əzəldən müəyyən edilmiş bir iş üçün (tufan məqsədilə) bir-birinə qovuşdu.
|
13. |
Biz Nuhu (ona iman gətirənlərlə birlikdə) taxtadan düzəlmiş və mismarlanmış gəmiyə mindirdik.
|
14. |
(Qövmü tərəfindən) inkar edilmiş kimsəyə (Nuha) mükafat olaraq verilən (gəmi) gözümüzün qabağında (nəzarətimiz altında) üzüb gedirdi.
|
15. |
And olsun ki, Biz onu (tufan hadisəsini, yaxud Nuh qövmünün başına gələnləri sonrakı nəsillərə) ibrət üçün saxladıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
|
16. |
Bir (görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!
|
17. |
And olsun ki, Biz Qur'anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
|
18. |
Ad (qövmü də öz peyğəmbərinə) təkzib etmişdi. (Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!
|
19. |
Biz (əzabı) uzun sürən nəhs bir gündə onların üstünə uğultulu (çox soyuq) bir külək göndərdik.
|
20. |
O, adamları kökündən qopmuş xurma kötükləri kimi (yerindən) qopardıb atırdı.
|
21. |
(Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!
|
22. |
And olsun ki, Biz Qur'anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
|
23. |
Səmud (qövmü də Saleh peyğəmbərin onlara etdiyi) təhdidləri (xəbərdarlıqları) yalan saymışdı.
|
24. |
Onlar demişdilər: "Məgər biz özümüzdən olan (adi) bir adamamı tabe olacağıq?! Biz onda haqq yoldan azmış və dəlilik etmiş olarıq!
|
25. |
Məgər içərimizdən vəhy yalnız onamı nazil olmuşdur?! Xeyr, o, yalançının, lovğanın biridir!"
|
26. |
(Biz Saleh peyğəmbərə təsəlli verib dedik: ) "Onlara kimin yalançı, kimin lovğa olduğunu sabah mütləq biləcəklər!
|
27. |
Biz onları imtahana çəkmək üçün bir dişi (maya) dəvə göndərəcəyik. Onların nə edəcəyini gözlə və (əziyyətlərinə də) döz!
|
28. |
Və onlara suyun (dəvə ilə) onlar arasında bölüşdürüldüyünü xəbər ver! (Suyu bir gün onlar, bir gün də dəvə içəcəkdir). Hərə öz növbəsində hazır olsun!"
|
29. |
Nəhayət, onlar öz yoldaşlarını (Qudar ibn Salifi) çağırdılar. O da (dəvəni) tutub kəsdi.
|
30. |
(Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!
|
31. |
Biz onlara bircə dəhşətli (tükürpədici) səs (Cəbrailin qışqırtısını) göndərdik, dərhal (heyvanlar üçün) ağıl düzəldənin istifadə etdiyi quru ota (həşəmə) döndülər.
|
32. |
And olsun ki, Biz Qur'anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
|
33. |
Lut qövmü də (peyğəmbərlərinin onlara etdiyi) təhdidləri (xəbərdarlıqları) yalan saymışdı.
|
34. |
Biz də onların üstünə daş yağdıran yel göndərdik (başlarına daş yağdırdıq), yalnız Lutun ailəsini səhər çağı xilas etdik;
|
35. |
Dərgahımızdan bir lütf olaraq! Biz (ne'mətimizə) şükür edəni belə mükafatlandırırıq!
|
36. |
And olsun ki, (Lut) onları Bizim əzabımızla qorxutmuş, onlar isə bu təhdidlərə (xəbərdarlıqlara) şübhə edib inanmamışdılar.
|
37. |
Cəlalıma and olsun ki, onlar (Lutdan) öz qonaqlarını (mələkləri) onlara təslim etməyi tələb etmişdilər. Biz də onları kor etdik (və) "İndi əzabımı və təhdidlərimi dadın!" - (dedik).
|
38. |
And olsun ki, səhər tezdən onları əbədi (qiyamətədək onlardan əl çəkməyən) bir əzab yaxaladı (məhv olub həmişəlik Cəhənnəmə vasil oldular).
|
39. |
(Onlara: ) "İndi əzabımı və təhdidlərimi dadın!" (dedik).
|
40. |
And olsun ki, Biz Qur'anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
|
41. |
And olsun ki, Bizim təhdidlərimiz (xəbərdarlıqlarımız Musa vasitəsilə) Fir'on əhlinə də gəlib çatmışdı.
|
42. |
Onlar ayələrimizin (mö'cüzələrimizin) hamısını yalan hesab etdilər. Biz də onları yenilməz qüvvət, qarşısıalınmaz intiqam sahibinə yaraşan bir əzabla yaxaladıq.
|
43. |
(Ey Qüreyş əhli!) Sizin kafirlərin onlardan nəyi yaxşıdır?! Yoxsa (əvvəlki ilahi) kitablarda sizin üçün bəraət (əzabdan qurtuluş hökmü) vardır?!
|
44. |
Yoxsa onlar: "Biz (Muhəmməd və mö'minlərdən) intiqam ala biləcək bir zümrəyik!" - deyirlər?
|
45. |
(Bədr vuruşunda) bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır!
|
46. |
Xeyr, onların əsl əzab vaxtı qiyamət günüdür. Qiyamət gününün əzabı daha acıdır (daha şiddətlidir).
|
47. |
Şübhəsiz ki, günahkarlar (dünyada) haqq yoldan azmışlar və (axirətdə də) cəhənnəm odu içərisində olacaqlar. (Yaxud günahkarlar heyrət, yanlışlıq və dəlilik içindədirlər).
|
48. |
O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək (və onlara): "Duyun Cəhənnəmin (ələmini) təmasını!" (deyiləcəkdir).
|
49. |
Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq.
|
50. |
Bizim buyurduğumuz bir göz qırpımında yerinə yetər! (Hər hansı bir şeyi yaratmaq istədikdə ona bircə dəfə: "Ol !" - deyərik, o da dərhal olar!)
|
51. |
And olsun ki, Biz sizin kimiləri (çox) məhv etmişik. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
|
52. |
Onların etdiyi hər şey (əməllərinin yazıldığı) dəftərlərdədir!
|
53. |
Hər bir kiçik və böyük (günah lövhi-məhfuzda) yazılmışdır!
|
54. |
Şübhəsiz ki, müttəqilər (axirətdə) cənnət bağlarında və çaylar kənarında,
|
55. |
(Heç bir yersiz söhbətə və günaha təhrik olunmayan) haqq məclisində, qadir hökmdarın (Allahın) hüzurunda olacaqlar!
|